Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun
tarixli Sərəncamı ilə təsdiq edilmişdir
2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sistemininin formasiyalaşdırılması üzrə Dövlət Proqramı
1.Ümumi əsaslar
1.1. Mövcud vəziyyət
Biliklərə
əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və
kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və
elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək
olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk
növbədə, onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşməklə
formalaşır.
İKT-nin
təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir
biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına
birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.
Son
illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və
təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması
ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrdə təhsil
sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər
hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində
aparılan islahatların çox vacib mərhələlərdən biri olmaqla təhsil
ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli
sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007-ci illər)" xüsusi əhəmiyyətə malik olmuşdur.
Proqramın həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin
olunmasında müsbət dinamikaya nail olunmuş, ümumilikdə təhsil
sisteminin İKT əsasında qurulmasına diqqət xeyli artmışdır.
Hazırda
respublikanın 4562 ümumtəhsil məktəbinin 82 faizi, 107 texniki peşə
müəssisəsinin 45-i və ya 42 faizi, 56 dövlət orta ixtisas təhsil
müəssisəsinin 51-i və ya 91 faizi, ali məktəblərin hamısı kompüter
avadanlığı ilə təmin olunmuşdur. 2007-ci ilin sonuna olan məlumata
görə, ümumtəhsil məktəblərində orta hesabla 5-11-ci siniflər üzrə hər
29 şagirdə 1 kompüter, dövlət ali məktəblərində hər 28 tələbəyə 1
kompüter düşür.
Pedaqoji
kadrların İKT üzrə hazırlığı diqqət mərkəzində olan məsələlərdən
olmuşdur. Son 3 ildə ümumtəhsil məktəblərində 12232 nəfər müəllim
informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq
kursları keçmişdir ki, bu da pedaqoji kadrların 7 faizini təşkil edir.
Dövlət ali məktəblərinin 12367 professor-müəllim heyətindən 391 nəfəri
(3,2%), orta ixtisas təhsil müəssisələrinin 90 müəllimi (1,3%) son 5 il
ərzində informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi
hazırlıq kursları keçmişdir.
ötən
dövr ərzində ölkədə informasiya və kommunikasiya texnologiyalarının
təhsil sisteminə inteqrasiyası və təhsil prosesinin məzmunca
modernləşməsi sahəsində də bir sıra əməli işlər görülmüşdür. Bütün
təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb təsdiq edilmiş,
distant təhsil üzrə ilk eksperimentlər aparılmağa başlanılmışdır.
Hazırda təhsil portalının informasiya resursları formalaşmaqdadır, bəzi
təhsil müəssisələrinin saytları yaradılmış və aktiv halda saxlanılır.
Təhsilin idarə olunmasının məlumat sistemlərinin yaradılması,
informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil
məktəblərində tətbiqi və ümumtəhsil məktəbləri üçün informasiya və
kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin
köməkçi heyət (laborant) kadrlarının hazırlanması üzrə işlərə
başlanılmışdır.
Bütün
bunlarla bərabər, ölkənin təhsil sistemində müasir informasiya və
kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi istər
dinamik inkişaf edən iqtisadiyyatımızın mövcud imkanları, istərsə də
dünya təhsil məkanına inteqrasiya baxımından qənaətbəxş hesab edilə
bilməz. ölkədə təhsil ocaqlarının kompüter avadanlığı ilə təminatındakı
irəliləyişlərə rəğmən, bütövlükdə təhsil sisteminin informasiya
infrastrukturunun səviyyəsi günün tələblərindən uzaqdır.
Müasir
təhsil texnologiyalarının genişmiqyaslı tətbiqi, ilk növbədə, təhsil
müəssisələrinin kompüter avadanlığı ilə təminatının köklü şəkildə
yaxşılaşdırılmasını nəzərdə tutur. Şagird (tələbə) / kompüter
nisbətinin bütövlükdə ölkə üzrə, xüsusilə də bölgələrdə və kənd
yerlərində optimallaşdırılması qarşıda duran ən vacib problemlər
sırasındadır. Lakin bu gün ölkənin təhsil sisteminin bütün pillələrində
kompüterlərə çıxış imkanlarının genişləndirilməsi zərurəti ilə yanaşı,
İKT avadanlığının daha səmərəli istifadə olunmasının, o cümlədən
texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsinin aktuallığı
qabarıq şəkildə hiss olunur. Xüsusən də rayon səviyyəsində texniki
nəzarət və dəstək sisteminin mövcud olmaması, yaxud günün tələbləri
səviyyəsində qurulmaması artıq quraşdırılmış kompüter avadanlığından,
rəqəmsal təhsil resurslarından tam səmərəli şəkildə bəhrələnmək
imkanlarını məhdudlaşdırır.
Araşdırmalar
göstərir ki, respublikada təhsil prosesində rəqəmsal texnologiyaların
geniş istifadəsinə maneçilik törədən əsas amillərdən biri rəqəmsal
şəbəkə infrastrukturunun zəif inkişaf etməsi, təhsil ocaqlarının
ölkədaxili intranet şəbəkəsi ilə yetərli səviyyədə əhatə olunmaması və
yüksək sürətli İnternet əlaqəsi ilə təmin olunmamasıdır. Belə ki,
hazırda respublikanın ali məktəblərində İnternet əlaqəsi tam təmin
olunsa da, orta təhsil məktəblərinin təxminən 3 faizi, orta ixtisas
məktəblərinin isə 12 faizi İnternetə çıxış imkanlarına malikdir. Təhsil
müəssisələrinin böyük əksərinin veb-səhifələri yaradılmamış,
müəssisədaxili rəqəmsal şəbəkələri, həmçinin vahid ölkədaxili təhsil
portalı formalaşdırılmamışdır.
Bununla
yanaşı, multimedia xarakterli dərsliklərin və digər tədris
vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesində tətbiq
olunması ləngiməkdədir. Son dövrdə bu sahədə bir sıra tədbirlər həyata
keçirilmiş, elektron tədris sistemlərinin formalaşdırılması
istiqamətində əməli addımlar atılmışdır. Lakin İKT tətbiqi üzrə
elmi-metodiki bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid
elektron təhsil məkanının təşəkkül tapması günün əsas tələbi olaraq
qalır.
Azərbaycan
Respublikasında təhsil sisteminin islahatları ilə bağlı ən aktual
məsələlərdən biri İKT tətbiq etməklə təhsilin idarə olunmasının
təkmilləşdirilməsidir. Bu sırada təhsildə İKT-nin tətbiqi sahəsində
yerli özünüidarə və dövlət orqanlarının fəaliyyətini tənzimləyən
normativ-hüquqi bazanın təkmilləşdirilməsi, təhsil sahəsində effektiv
idarəetmə üçün zəruri olan və bu sahənin vəziyyətini xarakterizə edən
elektron məlumat bazası sistemi hazırlanıb tamamlanması xüsusi diqqət
tələb edir. Həmçinin ölkənin təhsil sisteminin yüksək İKT bilik və
bacarıqlarına malik pedaqoji və inzibati kadrlarla təminatının müasir
standartlar səviyyəsinə çatdırılması təxirəsalınmaz məsələ kimi qarşıda
durur.
"2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı" (bundan sonra - Dövlət
Proqramı) qeyd olunan məsələlərin səmərəli və kompleks şəkildə həllinə
yönəlmişdir. Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 17 fevral tarixli 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci
illər)" əsasında hazırlanmışdır.
1.2. Məqsəd və vəzifələr
Dövlət
Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya
və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə
vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində
əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının
təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına
inteqrasiya olunması üçün şərait yaradılmasıdır.
Bu məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi:
-
təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki
bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri
rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması;
-
təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək
sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və
əməkdaşlığın inkişaf etdirilməsi;
-
təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun, habelə
şəbəkə infrastrukturunun idarəetmə və nəzarət sisteminin yaradılması;
- intranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışının təmin olunması.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi:
- bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənilməsi və yayılması;
- elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası;
- ölkə daxilində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
- təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin yaradılması;
- vahid təhsil portalının yaradılması və mütəmadi dəstəklənməsinin təmin olunması;
-
təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili,
interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının
dəstəklənməsi.
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması:
-
təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid
informasiya infrastrukturunun yaradılması, təhsilin idarə edilməsində
informasiya sistemləri və texnologiyaların səmərəli tətbiqinin təmin
edilməsi;
-
təhsilin idarə olunmasının məlumat sistemlərinin (TİMS) inkişaf
etdirilməsi, "elektron hökumət" prinsiplərinin tətbiqinin
genişləndirilməsi;
-
təhsilin idarə olunması funksiyalarını yerinə yetirən dövlət
orqanlarının İKT avadanlığı və müvafiq proqram vasitələri ilə təmin
olunması.
Kadr potensialının gücləndirilməsi:
-
təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə
savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata
keçirilməsi;
- yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi;
-
bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar rayonlarda təhsil
müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılmasına
istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi;
- yaradıcı və innovativ müəllimlərin obyektiv qiymətləndirilməsi və səmərəli motivasiyası sisteminin yaradılması.
Normativ-hüquqi bazanın təkmilləşdirilməsi:
-
informasiya və kommunikasiya texnologiyalarının təhsil sistemində
istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ-hüquqi aktların və
normativ sənədlərin monitorinqinin aparılması;
-
təhsilin idarəedilməsi və tədris prosesinin informasiyalaşdırılması
sahəsində zəruri norma və standartların işlənilməsi və həyata
keçirilməsi;
-
Dövlət Proqramının məqsəd və vəzifələri baxımından İKT vasitələrinin
istifadəsi və təhsildə tətbiqi məsələləri ilə bağlı normativ-hüquqi
bazanın təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.